AZTA Almaniyada Menecer Təlim Proqramı çərçivəsində ölkə təqdimatında iştirak edib

Bu gün Almaniyanın Leypsiq şəhərində Menecer Təlim Proqramı çərçivəsində növbəti biznes görüş və ikitərəfli (B2B) görüş keçirilib. Görüşdə Azərbaycan Turizm Assosiasiyyasının (AZTA) nümayəndələri də iştirak edib.
Görüş Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin , Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə həyata keçirildi. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən şirkətlərin təmsilçiləri ilə Leypsiq Sənaye və Ticarət Palatasının 20-dən artıq rəhbər heyəti və üzvləri də görüşdə təmsil olunub.
Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Təmiz şəhər” ASC, “AzMirvari”, ” ERA Marketing Center”, “Azersun Holding”, “Azinka HR&CC”, “Millennium Tourism Lufthansa City Center ”, “Az granata”, “North West Construction”, “Nur – Qida”, “Azinterpartlayish-x”, “Akkord”, “Baku Business Factory”, “ACT Azerbaijan”, “MhWirth” və “Trast B.V.”KMT kimi şirkətlərin nümayəndələri iştirak etmişlər.
Ev sahibləri tədbirdə bölgə və palatanın fəaliyyəti haqqında geniş məlumat vermiş, alman öz təqdimatlarla çıxış etmişlər. Sonra isə Azərbaycan nümayəndə heyəti ölkənin iqtisadi-mədəni potensialını əks etdirən mükəmməl təqdimatla və iştirakçı şirkətlərin fəaliyyətini əks etdirən məlumatlarla çıxış etmişlər.
Sonda “Azerbaijan –Land of Fire” video çarxı nümayiş olunmuşdur.
İşgüzar tədbir ikitərəfli görüşlərlə davam etdirilmişdir.
Xatırladaq ki, Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin Azərbaycanla birgə həyata keçirdiyi Menecer Təlim Proqramı çərçivəsində 16 şirkətin nümayəndələri bu ölkədə səfərdədir. Proqram Almaniya-Azərbaycan biznes əlaqələrinin inkişaf etdirilməsinə xidmət edir. Təlim Proqramının məqsədi Almaniyanın tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrinin yaradılması və onlara inkişaf istiqamətində yardım etməkdir. Bunun üçün xarici müəssisələrin nümayəndələrinin Almaniyada iqtisadi təhsil alması, biznes əlaqələrinin yaradılması ilə yeni bazarların inkişafı, Azərbaycan biznesinin rəqabətqabiliyyətliliyini idarəetmə bacarığı vasitəsilə yüksəltmək əsas vasitələrdir.