Azərbaycan Turizm Assosiasiyası (AZTA) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə  əməkdaşlığını genişləndirir

Əldə olunmüş razılığa əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə AZTA üzvləri üçün Şirvan Milli Park ərazisinə infotur təşkil olunub. Şirvan Milli Parkına təşkil olunmuş infotur AZTA və nazirliyin ilk birgə layihəsidir. Gələcəkdə belə layihələr davam edəcək.

 

Milli Park ərazisində infotur iştirakçıları milli flora və fauna, o cümlədən nadir bitki və heyvanların saxlanılması şəraiti ilə tanış olublar. Bununla yanaşı  ölkəyə gələn xarici turistlər, eləcə də, yerli turistlər üçün maraqlı ola bilən məlumatlar əldə ediblər. Turizm şirkətlərinin nümayəndələri Şirvan Milli Parkının yerli turizm marşrutlarına daxil edilməsi barədə qərara gəliblər. Bununla da AZTA və nazirlik ekoloji turizmin inkişafı və təbliği sahəsində birgə layihəni reallaşdırmağa başlayıblar.

 

Qeyd edək ki, Azərbaycan Turizm Assosiasoyası və Ekologiya və Təbii Sərvətlər nazirliyi arasında əməkdaşlıq haqqında razılıq nazir Muxtar Babayev və AZTA sədri Nahid Bağırov arasında may ayında keçirilən görüş zamanı əldə olunub.   Görüşün əsas məqsədi Azərbaycanın turizm sənayesinin, o cümlədən, ekoloji və aqrar turizmin mövcud vəziyyəti və perspektiv inkişaf məsələrinin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi olub.