Azərbaycan Turizm Assosiasiyası “AITF 2019” sərgisində iştirak etdi

Azərbaycan Turizm Assosiasiyası (AZTA) hər il olduğu kimi, bu il də 4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində iştirak etdi.
 
Ayrica stendlə sərgidə iştirak edən AZTA, 15 turizm şirkəti, otellər, bələdçi şirkətlər eləcə də, Tovuz Şərab Zavodu ilə təmsil olundu. Öz stendində Azərbaycanın turizm şirkətlərini, habelə otel və sanatoriyalarını bir araya gətirmiş AZTA, ekspozisiyası ilə Azərbaycan və xarici ölkələrdə turizm üzrə geniş təkliflər çeşidini təklif edib. Zəngin çap və reklam vasitələri istifadə etməklə assosiasiya nümayəndələri sərginin iştirakçıları və qonaqları üçün maraqlı təqdimatlarla çıxış etdilər, ölkənin turizm potensialını təbliğ etdilər. Sərgi çərçivəsində həmçinin yerli və xarici şirkətlərlə biznes və partnyorluq əlaqələrinin qurulması barədə danışıqlar aparılmış, ilkin razılıqlar əldə olunmuşdur.
 
Ənənəvi olaraq, “AITF 2019” sərgisi bu il də müxtəlif ölkələrin turizm nümayəndələrini, milli və regional turizm təşkilatlarını, eləcə də dövlət strukturlarını bir arada topladı. “Bütün dünya – Bir sərgi” şüarı ilə keçirilən “AITF” sərgisi dünyanın 17 ölkəsini təmsil edən 140 şirkət və təşkilatı bir araya gətirdi. “AITF 2019” sərgisi Azərbaycanın cəlbedici turizm marşrutu kimi təqdim olunmasında böyük rol oynayır.
“AITF” sərgisi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (ATB) fəal dəstəyi və iştirakı ilə keçirilib. Sərgi həmçinin Azərbaycan Turizm Assosiasiyası (AZTA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir.