Haqqımızda

Hörmətli  Həmkar!

 

Azərbaycanda turizm və otel biznesi yüksək səviyyədə, beynəlxalq standartlara uyğun olaraq inkişaf edir, innovasiyalar tətbiq olunur. Bu proseslərin fonunda və tələbə uyğun olaraq yaradılmış Azərbaycan Turizm Assosiasiyası bazar iştirakçılarını birləşdirərək öz fəaliyyətini genişləndirir və daima inkişaf etdirir.

 

Azərbaycan Turizm Assosiasiyası 2009 – cu ildə yaranıb və 2010 – cu ildə  Otel Assosiasiyası ilə birləşərək AZTA adı altında vahid qurum kimi  fəaliyyətə başlayıb.  Azərbaycan Turizm Assosiasiyası Respublikada qabaqcıl turizm qurumlarından biri olaraq 200 – ə yaxın aparıcı turizm şirkəti və 100 – ə yaxın oteli birləşdirir. AZTA, Ümumdünya Turizm Təşkilatına  üzv olmuş və təşkilatın  idarə heyətinin sədri   Ümumdünya Turizm Təşkilatına qoşulmuş üzvlər şurasının Avropa  üzrə vitse-prezidenti seçilmişdir.  AZTA 2013 – cü ildən BSP İATA idarə heyyətinin üzvüdür. Təşkilat 2012 – ci ilin may ayında Bakıda keçirilmiş “Avroviziya” (Eurovision-2012) mahnı müsabiqəsinin fəal rəsmi tərəfdaşı seçilmiş və bu sahədə mühüm işlər görmüşdür. 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının təşkilində, turistlərin  qəbulunda, turizm şirkətləri və otellərlə fəal əməkdaşlıq etmişdir.

 

Ümumiyyətlə, AZTA Respublikada turizm sahəsində gələcəkdə də böyük layihələri həyata keçirməyi öz qarşısına məqsəd olaraq qoyub və bu lahiyələrin əhatəsini və əhəmiyyətini genişləndirmək məqsədi ilə bir çox  xarici ölkələrin Turizm Assosiasiyaları və digər turizm qurumları ilə sıx əməkdaşlıq edir.

 

 

Kadr potensialının gücləndirməsi sahəsində Azərbaycan Turizm  və Menecment Universiteti, hazırlanmış kadrların məşğulluğunu təmin etmək məqsədi ilə isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər mühüm qurumlarla əməkdaşlıq edir.  Tanınmış beynəlxalq otel şəbəkələrinin baş menecerlərinin Azərbaycan Turizm və Menecment Universitetində tələbələr üçün mühazirələr oxumasını məhz AZTA təklif edib və həyata keçirir.

 

UNESCO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı ilə həyata keçirilən ilk peşə-vəsaiti olan “Mehmanxana inzibatçısı” kitabının meydana gəlməsində Azərbaycan Turizm Assosiasiyasının rolu böyükdür. Assosiasiya British Council ilə birlikdə İsmayıllı rayonunda açılan turizm peşə məktəbi üçün  “qeyd-qəbul” (Recepsionist) ixtisası üzrə peşə standartlarını hazırlamışdır. AZTA həmçinin BMT – nin “Turizmin inkişaf layihəsi”-nin fəal iştirakşısına çevrilmişdir.

Azərbaycan Turizm Assosiasiyası turizm şirkətləri ilə birlikdə bir sıra daxili və xarici info-turların təşkilində fəal iştirak etmiş və bu cür info-turların mütəmadi olaraq təşkil olunmasını dəstəkləmişdir.  Respublikada ekskursiya bələdçilərinə böyük tələbatı nəzərə alan AZTA,  Azərbaycanda ilk  dəfə olaraq,   öz nəzdində ödənişsiz ekskursiya bələdçiləri kursu yaratmışdır.

 

 

 

Azərbaycan iqtisadiyyatının prioritet qeyri-neft sahələrindən olan turizmi inkişaf etdirmək, sektorda sağlam və rəqabətədavamlı sahibkarlıq mühitini və münasibətləri  fərmalaşdırmaq, birgə inkişaf etdirmək, nizamlamaq və tənzimləmək üçün Sizi, AZTA-ya üzv olmağa dəvət edirik!

 

 

Hörmətlə,

 

AZTA İdarə Heyətinin Sədri                           Nahid Bağırov